Üzeyir Hacıbəyli
Seçilmiş əsərləri II cild.
“Şərq-Qərb”
BAKI-2005
Məscidlərdə dini mərasim icad edilən yerdə ancaq avaz ilə təğənni etmək mümkündür. O da bu şərt ilə ki, oxuyan şəxs “qina” etməsin. Çünkü qina dəxi haramdır.
“Qina”nın nədən ibarət olduğu haqqında müxtəlif şərhlər verilir. Məşhuru budur ki, “qina” səsin boğazda qaynatılıb zəngulələr əmələ gətirməsindən ibarətdir. Hər halda qina haramdır- deməkdən məqsəd budur ki, oxuyan şəxs öz təğənnisinə dünyəvi təğənniyə məxsus rəng vermyib dini bir üslub ilə oxusun.
Əlbəttə dini musiqi ilə dünyəvi musiqinin hər birinə məxsus xüsusi üslubu olmalıdır. Musiqilərini böyük tərəqqiyə çatdırmış olan millətlərin dünyəvi və dini muqisiləri arasında üslubca böyük təfavüt vardır. Fəqət Azərbaycanda dini ruhda bir musiqi varsa da, o da Quranın avaz ilə oxunduğu musiqidir ki, dünyəvi musiqiyə məxsus olan muğam və dəstgahlara heç bir münasibəti olmayıb xüsusi üslubu vardır. Azərbaycanın bəzi yerlərində oxunan mərsiyə və növhələrin isə, haman heç bir dini üslubu olmayıb, toylarda icra edilən dəstgah və təsniflərdən heç bir fərqi yoxdur. Hətta bir çox təsniflərin sözlərini qoşub oxumaqla zövqi=səlim icabatına müğayir hərəkətlər edirlər. Odur ki, bir çox növhələrin havaları insana fərəh və tərəb ilqa etdiyi halda, sözləri hüzn və kədər təsirini tələb edir... Bir para yerlərdə məhərrəm ayında “Aşura günü” qətl mərasimi əsasında dəf və zurna dəxi çalınır ki, buna “tərs toy” deyirlər. Əlavə eyni gündə “şəbeh” çıxarmaq məşhur bir vaqiədir. “Şəbeh” qərb əhlinin “oratoriya” dediklləri bir növ dini tamaşadır ki, Kərbəla vaqiəsindən götürülmüş hadisələrin (epizod) təşbeh və təsvirlərini göstərir.
S. 382.
Major və minor avropalıların özlərinin zəhləsini tökdüyü bir zamanda və musiqidə bir yenilik aramaq üçün şərq musiqisinə ərzi-təvəccöh edildiyi bir vaxtda bizimkilərin major və minora həvəs etməkləri məktəbsizlikdən irəli gələn müəssif bir haldır.
Musiqi ədəbiyatında tərcümə əvəzinə mövcud olan şeyllər bunlardır:
1. Təbdil- yəni bir kəsin yazmışolduğu musiqi əsərinin mövzusunu iqtibas edib o mövzu üzərində başqa bir formada musiqi əsəri yazmaq.
2. Transkripsiya- yəni bir bəstəkarın musiqi əsərini götürüb üzərinə bir çox şeyləlr artırmaq, müxtəlif versiyalara salmaq və sair.
3. Transparsiya- Yəni bir musiqi əsərini bir qammadan digər bir qamma keçirmək; məslən “do” major namində yazılmış bir əsəri “sol” majora keçirmək və sairə.
4. Təsirini dəyişmək- yəni major qammalar üzərində yazılmışbir əsəri eyni ilə bir adlı minor qammaya keçirmək.
Fəqət bunların heç biri tərcümə deyildir. Tərcümə hasil olmaq üçün əsaslar başqa olmalıdır.
Qərb musiqi əsasından qeyri-olanlardan ən ümdəsi Şərq musiqisi əsasıdir. Böylə olduğu surətdə Qərb musiqisi əsası üzərində yazılmış olan bir musiqi əsərini, formasını və ideyasını da saxlamaq şərti ilə Şərq musiqisi əsasına çevirsək, zənnimcə, əsl tərcümədən anlaşılan məqsəd hasil olar. Ədəbiyatda tərcümənin birinci məqsədi başqa dildə yazılmış əsəri bir başqa dilə çevirərək eyni əsəri öz dilində danışanların anlayacağı bir hala salmaqdır.
Musiqi tərcüməsi də böylə olmalıdır. Yəni anlaşılmayan Qərb musiqi parçasını Şərq musiqisinə tərcümə ilə şərqlilərin anlayacağı bir hala salmaq.
Ədəbiyatda tərcümənin əvvəla, ədəbi, saniyən əslinin ideyasını tamamı ilə şərh edəcək dərəcədə mükəmməl olmağı ümdə şərtlərdən sayıılan kimi musiqi tərcüməsində də bu şərtlərə riayət olunmalıdır. Bunlar şərq musiqisinin tərəqqisinə səbəb olar. S. 386-387
Qərb musiqisinin min il ərzində tərəqqilər görüb bugünkü dərəcəyə çatmış olan formaları içində məstur olan ideyası ilə bərabər Şərq musiqisinə keçirilməklə , qədimdən bəri tərəqqisiz qalmış olan Şərq musiqisi həyatında geniş bir tərəqqi inqilabı meydana gətirə bilər və Şərq musiqisinin gələcəkdə ümumaləm musiqi sənəti sahəsində böyük bir rol oynayacağına səbəb olar.
İnsan anlamadığı bir dili eşidərkən bir növ sıxıntı çkdiyi kimi, məcazi bir lisan hökmündə olan musiqini dəxi anlamadıqda əsəbi bir hala düşür. S. 387.
"Azərbaycan türklərinin lisanı ümumi Zaqafqaziyada beynəlmiləl bir dil olduğu kimi, ruhani dilləri olan musiqiləri dəxi yenə eyni vəziyyətdədir. Bizim öz musiqimizdən hasil etdiyimiz təəssürata erməni və gürcü qonşularımız dəxi şərikdirlər. Əlavə, içlərində bizim musiqini özlərinə sənət edən mahir ustaları dəci çoxdur. Ermənilərdə gözəl tar və kamança çalanlar çox olduğu kimi, gürcülərdə də zurna və balaban çalanları məşhurdur."[1]